İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Qaydalar

Azərbaycan Respublikası Prezidentinin

 2016-cı il 30 noyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə

sifarişlərin verilməsi və maliyyələşdirilməsi

Qaydası

1. Ümumi müddəa

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nə əsasən hazırlanmışdır və dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (bundan sonra – Mərkəz) sifarişlərin verilməsi və maliyyələşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

2. Dövlət qurumlarının sifarişi əsasında Mərkəz tərəfindən göstərilən xidmətlər

2.0. Bu Qaydanın məqsədlərinə uyğun olaraq, Mərkəz tərəfindən dövlət qurumlarının sifarişi əsasında aşağıdakı xidmətlər (bundan sonra – xidmətlər) göstərilir:

2.0.1. iqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasının və risk təhlilinin aparılması, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğuların keçirilməsi;

2.0.2. sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi;

2.0.3. icra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi.

3. Dövlət qurumları tərəfindən sifarişlərin verilməsi

3.1. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsi məqsədilə dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar hər il növbəti il üçün sifarişlərini cari il mayın 1-dək, digər dövlət qurumları isə zərurət yarandıqda Mərkəzə təqdim edirlər.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan sifarişə müşayiət məktubu, xidmət göstərilməsi zərurətinin əsaslandırılması, habelə sifarişi verən subyektin qərarına əsasən digər sənədlər əlavə olunur.

3.3. Mərkəz sifarişi qəbul etdikdən sonra 10 (on) iş günü müddətində görüləcək işin müddəti və maliyyə-iqtisadi əsaslandırılması, o cümlədən xidmət haqqı ilə bağlı məlumatı sifarişi verən subyektə təqdim edir.

3.4. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflərini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə əsasən cari il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

3.5. Mərkəz tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan sifariş qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tələb olunan vəsaitin dövlət büdcəsinin müvafiq funksional bölməsində proqnozlaşdırılması üçün tədbirlər görür.

3.6. Mövcud qanunvericiliyin tələblərinə uyğun növbəti il üçün təsdiq edilmiş büdcə göstəriciləri dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlara daxil olduqdan sonra 10 (on) iş günündən gec olmayaraq, həmin orqanlar və təşkilatlar dövlət büdcəsində bu Qaydanın 2-ci hissəsindəki xidmətlər üçün nəzərdə tutulmuş vəsait barədə məlumatı Mərkəzə təqdim edirlər.

3.7. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar xidmət göstərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində Mərkəzlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq müqavilə bağlayırlar.

3.8. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər dövlət qurumları bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan məlumatı aldıqdan sonra 6 (altı) ay müddətində Mərkəzlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq müqavilə bağlaya bilərlər.

4. Mərkəz tərəfindən göstərilən xidmətlərin maliyyələşdirilməsi

4.1. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu Qaydanın 2-ci hissəsində qeyd olunan xidmətlərin dəyərinin ödənilməsi dövlət büdcəsində həmin qurumlara bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər daxilində həyata keçirilir.

4.2. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar Mərkəzlə bağlanmış müqavilə şərtlərinə əsasən büdcənin iqtisadi və funksional təsnifatı üzrə müvafiq sifarişlərini, məxaric cədvəllərini və maliyyələşdirmə sənədlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

4.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlardan daxil olmuş müraciətləri, məxaric cədvəllərini və maliyyələşdirmə sənədlərini yoxladıqdan sonra müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq edilmiş büdcə ayırmaları həddində maliyyələşdirməni həyata keçirir.

4.4. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun göstərilmiş xidmətlərə görə dövlət büdcəsindən ayrılmış vəsaitlərin Mərkəzə köçürülməsini təmin edirlər.

4.5. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər dövlət qurumları ilə Mərkəz arasında bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulan müqavilə bağlandıqdan sonra, müqavilədə nəzərdə tutulan və bu Qaydanın 3.3-cü bəndinə əsasən tələb olunan vəsaitin həmin dövlət qurumları tərəfindən Mərkəzə köçürülməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 6 mart tarixli

Fərmanı ilə təsdiq edilmişdir

Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi

Q A Y D A S I

 

1. Ümumi müddəalar

1.1. Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası (bundan sonra – Qayda) “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 990 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin (bundan sonra – dövlət proqramı) tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi məsələlərini tənzimləyir.

1.3. Dövlət proqramı ölkənin sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə nail olunmasını təmin edən, vəzifələrinə, icra müddətlərinə, icraçılarına və resurslarına görə bir-biri ilə qarşılıqlı şəkildə uyğunlaşdırılmış tədbirlər kompleksindən ibarət və dövlət siyasətinin alətlərini özündə birləşdirən strateji planlaşdırma sənədidir.

1.4. Dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət orqanı (qurumu) birbaşa səlahiyyətlərinə aid edilən vəzifələr dövlət proqramında tədbir kimi müəyyənləşdirilə bilməz.

1.5. Bu Qayda dövlət investisiya proqramlarının, həmçinin dövlətin təhlükəsizliyi baxımından dövlət sirri hesab edilən proqramların tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi fəaliyyətinə şamil edilmir.

1.6. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.6.1. monitorinq – dövlət proqramı üzrə məlumatların sistemli toplanması yolu ilə həmin dövlət proqramında qarşıya qoyulmuş məqsədlər üzrə görülmüş işlərin və əldə olunmuş nəticələrin müəyyən edilmiş müddətlərdə nəzərdən keçirilməsi;

1.6.2. qiymətləndirmə – dövlət proqramının icrasının və nəticələrinin sistemli və obyektiv ölçülməsi və dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması səviyyəsinin, səmərəliliyinin, effektivliyinin, yekun nəticələrinin, uyğunluğunun və davamlılığının müəyyən edilməsi;

1.6.3. dövlət proqramının layihəsini hazırlayan orqan (qurum) – fəaliyyət istiqamətlərinə uyğun olaraq, bu Qaydanın tələbləri nəzərə alınmaqla, dövlət proqramının layihəsini hazırlayan dövlət orqanı (qurumu);

1.6.4. monitorinq və qiymətləndirmə orqanı (qurumu) – bu Qaydaya uyğun olaraq dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirən orqan (qurum);

1.6.5. əlaqələndirici orqan (qurum) – dövlət proqramlarının icrasının əlaqələndirilməsini təmin etmək məqsədilə həmin proqramların təsdiq edildiyi hüquqi aktlarla müəyyən olunan dövlət orqanı (qurumu);

1.6.6. tədbir – dövlət proqramı çərçivəsində nəticələrə nail olmaq üçün maliyyə vəsaiti, texniki yardım və digər resurslar cəlb olunmaqla həyata keçirilən fəaliyyət;

1.6.7. resurslar – dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin icrası məqsədilə istifadə edilən maliyyə, insan resursları və digər resurslar;

1.6.8. ilkin nəticələr – dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin icrasının ilkin göstəriciləri;

1.6.9. aralıq nəticələr – dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin ilkin nəticələrinin qısamüddətli və ortamüddətli dövrdə yarada biləcəyi və ya yaratdığı təsirlər;

1.6.10. yekun nəticələr – dövlət proqramı ilə müəyyən edilmiş tədbirlərin icrasının son göstəriciləri;

1.6.11. effektivlik – dövlət proqramının məqsəd və hədəflərinə hansı dərəcədə nail olunduğunu və ya olunacağını əks etdirən qiymətləndirmə meyarı;

1.6.12. səmərəlilik – dövlət proqramının icrası məqsədilə sərf edilən resursların nəzərdə tutulan nəticələrə çevrilmə dərəcəsini ölçən qiymətləndirmə meyarı;

1.6.13. uyğunluq – dövlət proqramının məqsədlərinin müəyyən edilmiş hədəf göstəricilər çərçivəsində ehtiyaclara və ya prioritetlərə cavabvermə dərəcəsinin qiymətləndirilməsi meyarı;

1.6.14. indikator – dövlət proqramı üzrə əldə edilmiş nəticələrin sadə və etibarlı üsulla ölçülməsinə imkan verən, dövlət proqramının tətbiqi nəticəsində yaranmış dəyişiklikləri əks etdirən, habelə icraçı orqanların (qurumların) fəaliyyətinin nəticələrini qiymətləndirməyə kömək edən kəmiyyət və ya keyfiyyət göstəriciləri;

1.6.15. maraqlı tərəflər – dövlət proqramının icrasında və ya onun qiymətləndirilməsində birbaşa yaxud dolayısı ilə maraqlı olan dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər;

1.6.16. hədəf qrupu – dövlət proqramının nəticələrindən faydalanması nəzərdə tutulan dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər .

2. Dövlət proqramının tərtibi və təsdiqi

2.1. Dövlət proqramının tərtibi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) öz strateji planlarına uyğun olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmış təklifləri əsasında müvafiq dövlət proqramının layihəsinin hazırlanması prosesini nəzərdə tutur.

2.2. Dövlət proqramının layihəsinin hazırlanması zamanı müvafiq sahələrdə həyata keçirilən ölkə əhəmiyyətli layihələrin məqsəd və vəzifələri, eləcə də proqramın tətbiqinin digər sahələrə olan təsiri nəzərə alınır.

2.3. Dövlət proqramının layihəsi hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr aparılmalı, habelə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət proqramının ictimai dinləmə və müzakirələrin aparılması təmin edilməlidir.

2.4. Dövlət proqramının strukturu aşağıdakı bölmələrdən ibarət olmalıdır:

2.4.1. qısa xülasə – dövlət proqramında qeyd edilmiş mühüm məsələlərin icmalının təsviri;

2.4.2. qlobal trendlər – dövlət proqramının aid olduğu sahə üzrə müşahidə edilən başlıca istiqamətlər, bu sahədə gözlənilən əsaslı dəyişikliklər və onların Azərbaycan Respublikasına potensial təsirlərinin təsviri;

2.4.3. mövcud vəziyyətin təhlili – dövlət proqramının əhatə edildiyi sahə üzrə ölkəmizdə mövcud vəziyyət və görülmüş işlərlə bağlı qısa məlumat, proqramın hazırlanmasını zəruri edən məsələlərin, bu istiqamətdə aparılmış təhlillərin və əldə edilmiş nəticələrin ümumiləşdirilmiş təsviri;

2.4.4. hədəf göstəricilər – dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər;

2.4.5. məqsədlər – dövlət proqramı üzrə müəyyənləşdirilən hədəf göstəricilərə nail olunması üçün qarşıya qoyulmuş hədəflərin təsviri;

2.4.6. prioritet istiqamətlər – məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlərin, əldə ediləcək nəticələrin, tələb olunan resursların təsviri;

2.4.7. maliyyələşdirmə mexanizmləri – dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müəyyənləşdirilmiş vəsaitin həcminin və həmin vəsaitin təmin edilmə mənbələrinin təsviri;

2.4.8. tədbirlər planı – dövlət proqramı üzrə müəyyən olunan hər bir tədbir üzrə icraçıların (əsas və digər icraçıların) və icra müddətlərinin, habelə hər bir prioritet istiqamət üzrə gözlənilən nəticə və nəticə indikatorlarının qeyd olunduğu planın təsviri.

2.5. Bu Qaydanın 2.4.3-cü yarımbəndinə uyğun olaraq müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində aşağıdakı metodlardan istifadə edilə bilər:

2.5.1. rəqabət üstünlüyü – müvafiq sahəyə rəqabət üstünlüyü verən xüsusiyyətlərin aşkar edilməsi istiqamətində təhlillər aparılması;

2.5.2. tələb bazarlarının təhlili – rəqabət üstünlüyü aşkar edilmiş sahə üzrə gələcəkdə satış bazarlarının formalaşdırılması istiqamətində əsas tələb bazarlarının müəyyən edilməsi üçün təhlillər aparılması;

2.5.3. diaqnostik təhlil – müvafiq sahədə dəyər zənciri üzrə problemlərin və onların mümkün həlli yollarının aşkarlanması istiqamətində təhlillər aparılması;

2.5.4. GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlil – müvafiq sahənin güclü və zəif tərəflərinin aşkar edilməsi, imkanların və təhlükələrin müəyyənləşdirilməsi.

2.6. Dövlət proqramı hazırlanarkən müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində, həmin proqramın predmeti nəzərə alınmaqla, bu Qaydanın 2.5-ci bəndi ilə müəyyən edilən metodlarla yanaşı beynəlxalq təcrübədə tətbiq olunan digər metodlardan istifadə edilə bilər.

2.7. Dövlət proqramı hazırlanarkən müvafiq sahə üzrə mövcud vəziyyətin təhlili və beynəlxalq təcrübənin araşdırılması vasitəsilə həmin sahə üzrə problemlər müəyyən edildikdən sonra hədəf göstəricilər, həmin hədəf göstəricilərə çatmaq üçün qarşıya qoyulan məqsədlər müəyyənləşdirilir.

2.8. Dövlət proqramının hədəfləri müəyyən edilərkən ölkənin sosial-iqtisadi inkişafının proqnoz göstəriciləri, həmçinin həyata keçiriləcək tədbirlərin mümkünlüyü nəzərə alınmalıdır.

2.9. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq müəyyənləşdirilən məqsədlərə nail olmağa xidmət edən prioritet istiqamət aşağıdakı strukturda tərtib edilir:

2.9.1. əsaslandırma – müvafiq istiqaməti prioritetləşdirən əsas səbəblərin, mövcud problemlərin, habelə çatışmazlıqların təsviri;

2.9.2. görüləcək tədbirlər – dövlət proqramı ilə müəyyən edilmiş icra müddəti çərçivəsində prioritet istiqamət üzrə həyata keçirilməsi zəruri olan tədbirlərin adı və təsviri;

2.9.3. gözlənilən nəticə və nəticə indikatorları – prioritet istiqamət üzrə gələcəkdə səmərəliliyin ölçülməsi məqsədilə əvvəlcədən müəyyənləşdirilmiş nəticə indikatorları və prioritet istiqamət tədbirlərinin icrası nəticəsində həmin indikatorlar üzrə əldə olunması gözlənilən hədəf göstəricilər;

2.9.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri – prioritet istiqamət üzrə müəyyənləşdirilmiş tədbirlərin icrası prosesində qarşıya çıxa biləcək əsas risk faktorları və onların təsirlərinin aradan qaldırılması məqsədilə həyata keçirilməli olan tədbirlərin təsviri;

2.9.5. tələb olunan vəsait (uyğun olduqda) – prioritet istiqamət üzrə nəzərdə tutulan tədbirlərin icrasına tələb edilən vəsaitin məbləği;

2.9.6. investisiya imkanları (uyğun olduqda) – prioritet istiqamət çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası prosesində özəl sektor üçün yaranan biznes imkanları.

2.10. Bu Qaydanın 2.9.3-cü yarımbəndinə uyğun olaraq nəticə indikatorları hazırlanan zaman “ilkin nəticələr”ə, “aralıq nəticələr”ə və “yekun nəticələr”ə münasibətdə hər bir göstəricinin xüsusiyyətinə uyğun olaraq, baza ili, baza ili üzrə göstərici və həmin göstərici barədə məlumatın əldə edilməsi mənbələri müəyyənləşdirilir.

2.11. Baza ili üzrə göstəricilər əsas götürülməklə, dövlət proqramının əhatə etdiyi dövr çərçivəsində “ilkin nəticələr”ə münasibətdə illik əsasda, “aralıq nəticələr”ə münasibətdə dövlət proqramının icra müddətinin yarı dövrünün sonunda (bu dövrdə prioritetin icra müddəti bitərsə – həmin dövrdə), “yekun nəticələr”ə münasibətdə isə dövlət proqramının yekunu üzrə hədəf göstəricilər müəyyən edilir.

2.12. Dövlət proqramının tədbirlər planı və müvafiq tədbirlərin əsas və digər icraçıları aidiyyəti dövlət orqanlarının (qurumların) fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir (1 nömrəli əlavə).

2.13. Bu Qaydaya uyğun olaraq dövlət proqramının tərtib edilməsi prosesinə beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor nümayəndələri, müstəqil ekspertlər və digər maraqlı tərəflər cəlb oluna bilər.

2.14. Dövlət proqramının layihəsini hazırlayan dövlət orqanı (qurumu) dövlət proqramının layihəsini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci bəndinin tələblərini nəzərə almaqla hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

2.15. Dövlət proqramının layihəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən baxılır və bu Qaydanın 2.14-cü bəndində göstərilən normativ hüquqi aktların tələblərinə riayət etməklə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

2.16. Dövlət proqramı, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin hüquqi aktları ilə təsdiq edilir.

3. Dövlət proqramının icrası

3.1. Dövlət proqramının icrası qarşıya qoyulmuş məqsədlərə nail olunması, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həmin dövlət proqramında nəzərdə tutulan maliyyələşdirmə mənbələri hesabına icraçılar tərəfindən tam və vaxtında yerinə yetirilməsidir.

3.2. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti əlaqələndirici orqan (qurum) həyata keçirir.

3.3. Dövlət proqramının icrasının səmərəli təşkili məqsədilə əlaqələndirici orqanın (qurumun) rəhbərliyi ilə həmin dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçısı olan orqanların (qurumların) nümayəndələrindən ibarət işçi qrup yaradılır.

3.4. Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq yaradılan işçi qrupun ildə ən azı bir dəfə iclası keçirilir və icra prosesində qarşıya çıxan əsas problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılır.

3.5. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təşkili məqsədilə prioritet istiqamətlər və (və ya) tədbirlər (bundan sonra – prioritet istiqamətlər) üzrə alt işçi qruplar yaradıla bilər.

3.6. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən illik hesabatlar hazırlanır və təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək əlaqələndirici orqana (quruma) təqdim edirlir.

3.7. Əlaqələndirici orqan (qurum) bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirərək təhlil edir və hazırladığı hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4. Dövlət proqramının monitorinqi və qiymətləndirilməsi

4.1. Dövlət proqramının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramı təsdiq edilən zaman müəyyən edilir. Əlaqələndirici orqan (qurum) dövlət proqramları üzrə monitorinq və qiymətləndirmə orqanı (qurumu) kimi müəyyən edilə bilməz.

4.2. Dövlət proqramının monitorinqi və qiymətləndirilməsi prosesinə yerli və ya beynəlxalq ekspertlər cəlb oluna bilərlər.

4.3. Monitorinq və qiymətləndirmə orqanı (qurumu) dövlət proqramının monitorinqini və qiymətləndirilməsini apararkən əlaqələndirici orqanla (qurumla), habelə müvafiq prioritetlər üzrə əsas və digər icraçı orqanlarla (qurumlarla) əməkdaşlıq edə bilər.

4.4. Dövlət proqramının monitorinqinin nəticələri monitorinq və qiymətləndirmə orqanının (qurumunun) tərtib etdiyi illik hesabatda öz əksini tapır.

4.5. Dövlət proqramının monitorinqi bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq əlaqələndirici orqanda (qurumda) toplanaraq monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edilən hesabatların və təsdiqedici sənədlərin əsasında tədbirlərin icra vəziyyətinin və nəticələrinin illik monitorinqi formasında aparılır.

4.6. Dövlət proqramları üzrə icra vəziyyətinin monitorinqi bu Qayda ilə müəyyən edilən metodologiyaya əsasən aparılır və monitorinqin nəticələrinə dair hesabat tərtib olunur (2 və 3 nömrəli əlavələr).

4.7. Dövlət proqramı üzrə nəticələrin monitorinqi dövlət proqramının nəticə indikatorları üzrə müəyyən edilmiş hədəf göstəricilərin və əldə edilmiş faktiki göstəricilərin müqayisəsi əsasında aparılır və dövlət proqramının nəticələrinin monitorinqi üzrə hesabat tərtib olunur (4 nömrəli əlavə).

4.8. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi zamanı təqdim edilmiş hesabatların təhlili aparılır və məlumatlar müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə müzakirələr əsasında dəqiqləşdirilir. Bu zaman müvafiq dövlət orqanlarından (qurumlarından) tədbirlərin icra vəziyyəti barədə əlavə məlumatlar və təsdiqedici sənədlər istənilə bilər.

4.9. Dövlət proqramının icrasının bu Qaydaya uyğun monitorinqi həmin dövlət proqramının icrasına dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatına uyğun və səmərəli xərclənməsinin dövlət maliyyə nəzarəti qaydasında yoxlanılmasını, habelə qanunvericiliyin icrasına nəzarət və icra intizamının təmin edilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini, icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının fəaliyyətinin, onların həyata keçirdikləri layihələrin səmərəliliyinin qiymətləndirilməsini istisna etmir.

4.10. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi aparılarkən dövlət proqramının həyata keçirilməsi üzrə əsas icraçı olan dövlət orqanlarının (qurumlarının) hər birinin fəaliyyətinin qiymətləndirilməsi də aparılır və bu məqsədlə onların reytinqi hesablanır.

4.11. Dövlət proqramının qiymətləndirilməsi zamanı müvafiq sahə üzrə proqramda nəzərdə tutulan tədbirin həyata keçirilməsindən əvvəlki göstəricilərlə faktiki göstəricilər müqayisə edilir və səmərəlilik hesablanır.

4.12. Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icrası və onun yekunlaşması mərhələsində aşağıdakı ardıcıllıqla aparılır:

4.12.1. dövlət proqramının qiymətləndirilməsinə hazırlıq – monitorinq və qiymətləndirmə orqanı (qurumu) tərəfindən effektivliyin, uyğunluğun və səmərəliliyin müəyyən olunmasına imkan verən qiymətləndirmə suallarının əlaqələndirici orqanın (qurumun) rəyi nəzərə alınmaqla tərtib olunması;

4.12.2. dövlət proqramının qiymətləndirilməsi planı – bu Qayda ilə müəyyən edilən forma üzrə qiymətləndirmə planının hazırlanması (5 nömrəli əlavə);

4.12.3. dövlət proqramının qiymətləndirilməsi üzrə hesabat və tövsiyələrin hazırlanması – dövlət proqramının qiymətləndirilməsi üzrə qiymətləndirmə hesabatının və müvafiq tövsiyə sənədinin hazırlanması.

4.13. Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icra müddətinin yarısı bitdikdən və ya dövlət proqramının icrası yekunlaşdıqdan sonra aparılır. İcra müddəti 3 (üç) il və daha az olan dövlət proqramının qiymətləndirilməsi yalnız həmin proqram yekunlaşdıqdan sonra aparılır.

4.14. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi üzrə hesabat ildə bir dəfə, qiymətləndirilməsi üzrə hesabat isə bu Qaydanın 4.13-cü bəndi ilə müəyyən olunmuş müddət bitdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

4.15. Dövlət proqramının yekun qiymətləndirilməsi üzrə hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edildikdən sonra bir ay müddətində monitorinq və qiymətləndirmə orqanının (qurumunun), habelə əlaqələndirici orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanır.

“Dövlət proqramlarının tərtibi, icrası,

monitorinqi və qiymətləndirilməsi Qaydası”na

1 nömrəli əlavə

Dövlət proqramının

T Ə D B İ R L Ə R  P L A N I

Tədbirin adı

Əsas
icraçı 
orqan
(qurum)

Digər icraçılar

İcra 
müddəti*

Nəticə indikatorları

ilkin
nəticələr

aralıq
nəticələr

yekun
nəticələr

Prioritet 1.

Tədbir 1.1. ……

           

Alt tədbir 1.1.1**..

           

Alt tədbir 1.1.2**..

           

Tədbir 1.2. ...

           

Tədbir 1.3. …

           

* İcra müddəti ən azı illik əsasda tərtib edilməlidir.
** Tədbirlər üzrə alt tədbirlər də müəyyənləşdirilə bilər.

 

“Dövlət proqramlarının tərtibi, icrası,

monitorinqi və qiymətləndirilməsi Qaydası”na

2 nömrəli əlavə

Dövlət proqramının icra vəziyyətinin monitorinqi üzrə

M E T O D O L O G İ Y A

 

 

1. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə məlumatların yığılmasında və emalında aşağıdakı metodlardan istifadə olunur:

1.1. əlaqələndirici orqanın (qurumun) təqdim etdiyi hesabatların və təsdiqedici sənədlərin təhlili;

1.2. tədbirin icra vəziyyətinin müəyyən olunması məqsədilə sənədlərin təhlili;

1.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə və mütəxəssislərlə müzakirələrin təşkili;

1.4. üçüncü tərəflərdən məlumatların əldə edilməsi;

1.5. yerində baxış tədbirlərinin təşkili.

 

2. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi aşağıdakı ardıcıllıqla həyata keçirilir:

2.1. məlumatların və təsdiqedici sənədlərin əldə edilməsi və təhlili

2.1.1. Monitorinq və qiymətləndirmə orqanı (qurumu) hər bir tədbir üzrə görülmüş işləri və təqdim olunmuş müvafiq təsdiqedici sənədləri nəzərdən keçirərək, tədbirlərin icra vəziyyətinin monitorinqi çərçivəsində aşağıdakı meyarlar üzrə əsaslandırmaqla, ilkin qiymətləndirmə aparır:

1. tədbir icra edilmişdir;

2. tədbir qismən icra edilmişdir;

3. tədbir icra edilməmişdir;

2.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə müzakirələrin təşkili

2.2.1. dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi çərçivəsində ilkin qiymətləndirmə həyata keçirildikdən sonra monitorinq və qiymətləndirmə orqanı (qurumu) aidiyyəti orqanlarla (qurumlarla) birlikdə görülmüş işlərin və icra prosesində qarşıya çıxan problemlərin müzakirəsini keçirir. Bu zaman aidiyyəti orqan (qurum) tədbirlərin icra vəziyyəti ilə bağlı əlavə məlumat təqdim edə, həmçinin tədbirlərin icrası ilə əlaqədar qarşıya çıxan əsas problemlər və onların həlli yolları müzakirə oluna bilər;

 

2.3. mütəxəssislərlə müzakirələrin təşkili

2.3.1. aidiyyəti dövlət orqanları (qurumları) ilə müzakirələr tamamlandıqdan və təsdiqedici sənədlər əldə edildikdən sonra müvafiq sahə mütəxəssisləri ilə tədbirlərin icra vəziyyəti, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) icra ilə əlaqədar qaldırdığı əsas problemlər, təklif etdikləri həll yolları və digər məsələlər yenidən müzakirə edilir. Monitorinq və qiymətləndirmə orqanı (qurumu) bu müzakirələrə beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti təsisatlarını, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri cəlb edə bilər;

 

2.4. icra vəziyyətinin monitorinqi çərçivəsində əldə olunan məlumatlar əsasında tədbirlərin qiymətləndirilməsi

2.4.1. bu metodologiyanın 2.1 – 2.3-cü bəndlərində qeyd olunan ardıcıllıqla məlumatların əldə edilməsi, yoxlanılması, müzakirələrin təşkili işləri yekunlaşdıqdan sonra, tədbirlərin icra vəziyyətinin monitorinqi çərçivəsində ilkin qiymətləndirmədə müvafiq dəqiqləşdirmələr aparılır və hər bir tədbir, yekun qiymətləndirmə nəticələrinə uyğun olaraq, aşağıdakı qaydada müvafiq balla qiymətləndirilir:

1. icra edilmiş tədbir – 1 bal;

2. qismən icra edilmiş tədbir – 0,5 bal;

3. icra edilməmiş tədbir – 0 bal;

 

2.5. dövlət proqramı ilə müəyyən edilmiş prioritet istiqamətlərin və dövlət proqramının icra vəziyyətinin qiymətləndirilməsi

2.5.1. dövlət proqramı ilə müəyyən edilmiş prioritet istiqamətlər və ümumilikdə dövlət proqramının icra vəziyyətinin qiymətləndirilməsi aşağıdakı qaydada həyata keçirilir:

1. tədbirlərin icra vəziyyətinə əsasən prioritet istiqamətlər və dövlət proqramı üzrə “icra edilmişdir”, “qismən icra edilmişdir” və “icra edilməmişdir” kimi qiymətləndirilmiş tədbirlərin sayının ümumi tədbirlərin sayına nisbəti əsasında xüsusi çəki müəyyən edilir;

2. prioritet istiqamətlərin ümumi icra vəziyyəti aşağıdakı düsturla qiymətləndirilir:

(İE+Qİ+İB)/TS*100=İF

burada:

İE – icra edilmiş tədbirlər üzrə ümumi bal;

             Qİ – qismən icra edilmiş tədbirlər üzrə ümumi bal;

     İB – icra edilməmiş tədbirlər üzrə ümumi bal;

   TS – prioritet istiqamət üzrə tədbirlərin sayı;

İF – prioritet istiqamət üzrə icra faizi.

Qeyd: Prioritet istiqamətdə nəzərdə tutulmuş bütün tədbirlər icra olunarsa, bütün tədbirlər üzrə ümumi balın tədbirlərin ümumi sayına nisbəti maksimum 1-ə bərabər olacaqdır;

3. prioritet istiqamətin ümumi icra vəziyyətinə uyğun olaraq əldə edilmiş nəticələr aşağıdakı qaydada qiymətləndirilir:

burada:

0 – 50 faiz aralığındakı göstərici – qırmızı (qeyri-məqbul);

51 – 80 aralığındakı göstərici – sarı (məqbul);

81 –100 faiz aralığındakı göstərici – yaşıl (qənaətbəxş);

4. dövlət proqramının icra vəziyyətinin ümumi qiymətləndirilməsi aşağıdakı düsturla aparılır:

PB/PS*100 = DPQ

burada:

PB – prioritet istiqamətlər üzrə ümumi bal;

PS – prioritet istiqamətlərin sayı;

DPQ – dövlət proqramının icra faizi;

5. dövlət proqramının icra vəziyyətinin ümumi qiymətləndirilməsinə dair əldə edilmiş nəticə aşağıdakı qaydada qiymətləndirilir:

burada:

0– 50 faiz aralığındakı göstərici – qırmızı (qeyri-məqbul);

51 – 80 aralığındakı göstərici – sarı (məqbul);

81 – 100 faiz aralığındakı göstərici – yaşıl (qənaətbəxş);

6. dövlət proqramı üzrə hər bir əsas icraçı orqanın (qurumun) məsul olduğu tədbirlər üzrə qiymətləndirmədən istifadə olunmaqla, tədbirlərin icra vəziyyətindən asılı olaraq, əsas icraçı orqanların (qurumların) fəaliyyətinin nəticələri aşağıdakı qaydada qiymətləndirilir:

TB/TS*100= İQF

burada:

TB – orqanların (qurumların) əsas icraçı olduğu tədbirlər üzrə ümumi bal;

TS – orqanların (qurumların) əsas icraçı olduğu tədbirlərin ümumi sayı;

İQF – icraçı orqanların (qurumların) fəaliyyətinin nəticələri (faizlə);

7. dövlət proqramında müəyyən edilmiş tədbirlər üzrə əsas icraçı orqanların (qurumların) ümumi qiymətləndirilməsinə dair əldə edilmiş nəticələr aşağıdakı qaydada qiymətləndirilir:

burada:

0 – 50 faiz aralığındakı göstərici – qırmızı (qeyri-məqbul);

51 – 80 faiz aralığındakı göstərici – sarı (məqbul);

81 – 100 faiz aralığındakı göstərici – yaşıl (qənaətbəxş)

 

“Dövlət proqramlarının tərtibi, icrası,

monitorinqi və qiymətləndirilməsi Qaydası”na

3 nömrəli əlavə

Dövlət proqramının icra vəziyyətinin monitorinqi

H E S A B A T I

Dövlət proqramının adı:

İcra vəziyyətinə dair qısa məlumat:

 

Qısa xülasənin ümumi strukturu:

– dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin ümumi qiymətləndirilməsi;

– dövlət proqramının icrası ilə bağlı həyata keçirilən əsas işlər;

– dövlət proqramında nəzərdə tutulan tədbirlər üzrə aşağı icra göstəricisinə malik olan sahələr;

– dövlət proqramının həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər*;

– problemlərin həlli ilə bağlı tövsiyələr.

Prioritet istiqamət 1:

– görülmüş işlərin qısa təsviri (görülmüş bütün tədbirlər əhatə edilməklə);

– prioritet istiqamət üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlər;

– prioritet istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər;

– problemlərin həlli ilə bağlı tövsiyələr.

Prioritet istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti

Tədbirin
adı

Əsas icraçı
orqan (qurum)

Digər
icraçılar

İcra
müddəti

Təqdim
edilmiş
məlumatlar

Ümumi nəticə

Prioritet istiqamət 1.

Tədbir 1.1.

       
  • icra edilmişdir
  • qismən icra edilmişdir
  • icra edilməmişdir

......

       
  • icra edilmişdir
  • qismən icra edilmişdir
  • icra edilməmişdir

Risklərin nəzərdən keçirilməsi:

Risklərin monitorinqi həmin risklərin başvermə ehtimalının və ya təsir dairəsinin azaldılması məqsədini daşıyır.

Qeyd: Dövlət proqramının icra vəziyyətinin qiymətləndirilməsi üzrə monitorinq və qiymətləndirməni həyata keçirən orqana (quruma) dair ümumi göstəriş:

– “İcra edilmişdir” kimi qiymətləndirmə hesabat dövrü ərzində tədbirdə nəzərdə tutulan bütün işlərin artıq həyata keçirildiyini və tədbirin icrasının tamamlandığını bildirir;

– “Qismən icra edilmişdir” kimi qiymətləndirmə tədbirin icrası istiqamətində bir çox vacib addımlar atıldığını və həmin tədbirdə nəzərdə tutulmuş layihələrin hazırlandığını və ya qismən həyata keçirildiyini bildirir;

– “İcra edilməmişdir” kimi qiymətləndirmə tədbirin icrası istiqamətində hər hansı əməli addım atılmadığını bildirir.
 

* Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində qarşıya çıxan ən mühüm bir və ya bir neçə problem qeyd edilir.

 

“Dövlət proqramlarının tərtibi, icrası,

monitorinqi və qiymətləndirilməsi Qaydası”na

4 nömrəli əlavə

Dövlət proqramının nəticələrinin monitorinqi

H E S A B A T I

Dövlət proqramının adı:
İcra vəziyyətinə dair qısa məlumat:

Qısa məlumat aşağıdakı qaydada iki əsas hissəni ehtiva edir:
Dövlət proqramının ümumi qiymətləndirilməsi:
– dövlət proqramında nəzərdə tutulan prioritet istiqamətlərin qiymətləndirilməsi;
– dövlət proqramında müəyyən edilmiş ilkin nəticə indikatorlarının (prioritet istiqamətlər üzrə müəyyən edilmiş əsas icra göstəricilərinin) təhlili;
– dövlət proqramının ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə (ÜDM-ə, məşğulluğa və s.) təsiri;
– dövlət proqramında müəyyən edilmiş məqsədlərə nailolma səviyyəsi.

Qiymətləndirmənin nəticələrinin qısa rəqəmsal təsviri:
– planlaşdırılmış investisiya məbləği ilə sərf edilmiş məbləğin müqayisəli təhlili (faizlə);
– dövlət proqramında müəyyən edilmiş tədbirlərin icra göstəricisi (“icra edilmişdir”, “qismən icra edilmişdir”, “icra edilməmişdir” meyarları üzrə).


Prioritet istiqamət 1:
İcra vəziyyətinə dair qısa məlumat

Qısa məlumat son bir il ərzində prioritet istiqamətlərdə müəyyən edilmiş tədbirlər və əldə olunmuş nəticələr üzrə irəliləyişi əhatə edir.
Prioritet istiqamət üzrə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində əldə olunmuş nəticələrin aşağıdakı qaydada təhlili:
– əsas icra göstəricilərindən istifadə;
– əsas icra göstəricilərindən başqa, əlavə məlumatdan istifadə;
– təhlillərə müvafiq olaraq əldə edilmiş nəticənin qiymətləndirilməsi.

Prioritet istiqamətlərdə müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin təhlili
Prioritet istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər*
Problemlərin həlli məqsədilə tövsiyələr**
Prioritet istiqamət üzrə müəyyən edilmiş tədbirlərin icrası məqsədilə sərf edilmiş vəsaitin məbləği (qrafiklə göstərilə bilər).

* Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı ən mühüm bir və ya bir neçə problem qeyd edilməlidir. Problemlər prioritetliyinə görə sıralanır.
** Problemin aradan qaldırılması üzrə tövsiyələr və/və yaxud müvafiq tədbirlər qeyd edilməlidir.

 

“Dövlət proqramlarının tərtibi, icrası,

monitorinqi və qiymətləndirilməsi Qaydası”na

5 nömrəli əlavə

Dövlət proqramının qiymətləndirilməsi

P L A N 

1.

 Dövlət proqramının adı

2.

 Dövlət proqramının aid olduğu yer (yerlər)

3.

 Əlaqələndirici orqan (qurum)

4.

 Əsas və digər icraçı orqanlar (qurumlar)

5.

 Dövlət proqramının məqsədi və əsaslandırılması

6.

 Qiymətləndirmənin məqsədi

7.

 Əsas maraqlı tərəflər

8.

 Əsas qiymətləndirmə sualları (effektivliyin, uyğunluğun və səmərəliliyin ölçülməsi)

9.

 Dövlət proqramının icrasının nəticələr

9.1

 Aralıq nəticələr

9.2

 Yekun nəticələr

10.

 Risklərin müəyyən olunması və təhlili

11.

 Qiymətləndirmə qrafiki

12.

 Dövlət proqramını qiymətləndirəcək orqan (qurum)

13.

 Baza ili üzrə məlumat və metodologiya
(Baza ili üzrə məlumatlar hansılardır? Nəticələrin effektivliyinin, uyğunluğunun və səmərəliliyinin ölçülməsi üçün hansı məlumattoplama metodlarından istifadə olunacaqdır? Məsələn, sorğu (anket), diaqramlar, xəritələr, proqramdan əvvəl və proqramın icrasından sonra statistika və ya birinci və ya ikinci dərəcəli məlumatlar)

14.

 Kommunikasiya planı (nəticələrin bildirilməsi)

 

 

 

 

 

 

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM